Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 1972-ci ildə müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli lider Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə yaradılmışdır. Mexanika riyaziyyat fakültəsinin Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri və Nəzəri mexanika kafedraları və iki qrup tələbəsinin bazası əsasında yaradılmış Tətbiqi riyaziyyat və kibernetika (1992-ci ilin sentyabr ayınadək «Tətbiqi riyaziyyat») fakültəsi inkişaf edərək universitetin qabaqcıl fakültələrindən birinə çevrilmişdir. Yarandığı ildən başlayaraq fakültədə Tətbiqi riyaziyyat, 1991-ci ildən İqtisadi kibernetika ixtisasları üzrə kadrlar hazırlanmışdır. 2009-cu ildən Kompüter elmləri və İnformatika müəllimliyi ixtisasları üzrə kadrlar hazırlanır.
Kompüter elmləri və İnformatika müəllimi ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 45 ildən artıqdır ki, fəaliyyət göstərir. Fakültədə 18 professor və elmlər doktoru (onlardan ikisi AMEA-nın həqiqi, biri isə müxbir üzvüdür), 52 dosent və elmlər namizədi çalışır. Fakültənin 4 müasir kompüter sinfi var.
Fakültədə elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi fikir verilir. Fakültənin hal-hazırda 16 ixtisas üzrə 130 magistrantı,11 doktorantı və 8 dissertantı var. Fakültədə müntəzəm olaraq elmi seminarlar fəaliyyət göstərir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əmkdaşları da iştirak edirlər.