Görkəmli alimlərimiz

Akademik Məcid Lətif oğlu Rəsulov (1916-1993) 1938-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. M.L.Rəsulov 1948-ci ildə namizədlik dissertasiyasını, 1959-cu ildə isə Moskvada SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1951-ci ildə dosent, 1961-ci ildə professor elmi adını almış, 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir. M.L.Rəsulov 1960-cı ildən Azərbaycan Dövlət Universitetində özünün yaratmış olduğu «Riyazi fizika tənlikləri» kafedrasına rəhbərlik etmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır.

Moskvanın «Наука» nəşriyyatı 1964-cü ildə prof. M.L.Rəsulovun «Метод контурного интеграла» fundamental monoqrafiyasını çap etmişdir. Onun işləyib hazırladığı, digər klassik üsulların tətbiq oluna bilmədiyi bir çox mürəkkəb sərhəd və qarışıq məsələlərin həlli üçün nəzəri əsas yaradan iki yeni üsulun – çıxıqlar üsulunun və kontur inteqralı üsulunun sistematik şərh olunduğu bu monoqrafiya 1967-ci ildə «Nort Holland Publishing Company»-nin sifarişi ilə ingilis dilinə tərcümə edilərək Amsterdam, London və Nyu-Yorkda böyük tirajla çap olunmuşdur. M.L.Rəsulovun ikinci sanballı monoqrafiyası – «Применение метода контурного интеграла» 1975-ci ildə yenə də Moskvanın «Наука» nəşriyyatında çapdan çıxmışdır. Bundan başqa prof. M.L.Rəsulov 1 monoqrafiya və 100-ə qədər elmi məqalənin müəllifidir. O, 1965-1993-cü illərdə, nüfuzlu elmi məcmuə sayılan «Дифференциальные уравнения» elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Akademik Mirabbas Göycə oğlu Qasımov (1939-2008) 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsinə köçürülmüşdür. 1961-ci ildə MDU-nun aspiranturasında saxlanmış, MDU-nun ixtisaslaşmış Elmi Şurasında 1964-cü ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

M.G.Qasımov 1964-1965-ci illərdə Moskva Fizika-texniki İnstitutunun assistenti, 1965-1968-ci illərdə F.E.Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının riyaziyyat kafedrasında baş müəllim vəzifələrində işləmişdir. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Riyazi analiz kafedrasının professoru vəzifəsində çalışmışdır. 1972-ci ildən ömrünün sonunadək o, Tətbiqi riyaziyyat kafedrasının müdiri olmuşdur. 1970-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Xüsusi törəməli diferensial tənliklər şöbəsinə rəhbərlik etmişdir.

1980-ci ildə M.G.Qasımov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

M.G.Qasımov 1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, müxtəlif illərdə Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin dekanı və Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini vəzifələrində işləmişdir. O, 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

M.G.Qasımov riyaziyyatçıların üç Beynəlxalq konqresində (Moskva – 1966, Nitsa – 1970, Vankuver – 1974) iştirak etmişdir. 1977-ci ildə Varşavada S.Banax adına Beynəlxalq riyaziyyat mərkəzinin dəvəti ilə orada bir sıra silsilə elmi məruzələr etmişdir. O, 100-ə yaxın elmi işin müəllifidir və onların böyük hissəsi keçmiş SSRİ-nin nüfuzlu mərkəzi jurnallarında çap olunmuşdur.

M.G.Qasımov Moskva Riyaziyyat Cəmiyyətinin üzvü, Egey-İzmir və Səlcuq-Konya Universitetlərinin fəxri doktoru olmuşdur. O, elmdə göstərdiyi görkəmli xidmətlərə görə SSRİ Kosmonavtika Federasiyası tərəfindən akademik M.V.Keldış adına qızıl medala layiq görülmüşdür.

Akademik Cəlal Eyvaz oğlu Allahverdiyev (1929-2017) 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş və həmin il M.V.Lomonosov adına MDU-nun aspiranturasına qəbul olunmuşdur. 1957-ci ildə MDU-da namizədlik dissertasiyasını, 1968-ci ildə isə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. C.E.Allahverdiyev 1969-cu ildə professor elmi adı almışdır. 1972-ci ildə AMEA-nın müxbir, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

C.E.Allahverdiyev 1957-1960-cı illərdə ADU-nun fizika-riyaziyyat fakültəsində, 1960-cı ildən Azərbaycan SSR EA-da Hesablama Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 1969-1970-ci illərdə Hesablama Mərkəzinin bazasında yaradılmış Kibernetika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1970-1988-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır. 1988-1994-cü illərdə BDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində işləmişdir. O, 1994-cü ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə kafedrasının müdiridir.

C.E.Allahverdiyev «Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası»nın, «Ehtimal nəzəriyyəsi və riyazi statistikadan Azərbaycan-rus-ingilis-türkcə lüğət»in, bir dərs vəsaiti, 120-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 6 elmlər doktoru, 40-dan artıq elmlər namizədi hazırlanıb.

C.E.Allahverdiyev 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüş və ona 1982-ci ildə Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.

Akademik Məhəmməd Fərman oğlu Mehdiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuşdur. O, aspirantura təhsilini Rostov Dövlət Universitetində almışdır.

M.F.Mehdiyev 1975-ci ildə Rostov Dövlət Universitetinin ixtisaslaşmış Elmi şurasında namizədlik, 1989-cu ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1994-cü ildə professor elmi adını almışdır.

M.F.Mehdiyev 1966-1991-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1991-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində çalışır. 2008-ci ildən bu fakültənin dekanıdır.

Prof. M.F.Mehdiyevin elmi-tədqiqat istiqamətini Bütöv mühit mexanikasının riyazi məsələləri və Optimal idarəetmənin keyfiyyət məsələləri təşkil edir. Onun bu istiqamətdə 120-dən çox elmi məqaləsi və 5 monoqrafiyası var. O, eyni zamanda 4 dərslik və dərs vəsaitinin müəllifidir.

Prof. M.F.Mehdiyev 30 iyun 2001-ci ildə AMEA-nın mexanika ixtisası üzrə müxbir üzvü, 30 iyun 2014-cü ildə isə bu ixtisas üzrə həqiqi üzv seçilmişdir.

Akad. M.F.Mehdiyevin rəhbərliyi ilə 18 elmlər namizədi, 2 elmlər doktoru hazırlanmışdır.

2009-cu ildə Əməkdar elm xadimi adına layiq görülmüş prof. M.F.Mehdiyev eyni zamanda Avropa İttifaqının Elm və Sənaye Palatasının qızıl medalı ilə də təltif olunmuşdur.

Akademik M.F.Mehdiyev 1993-cü ildən Yeni Azərbaycan partiyasının üzvüdür. O, BDU-nun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış FD.02.016 saylı dissertasiya Müdafiə Şurasının sədri, Bakı Universitetinin Xəbərləri elmi jurnalının, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Xəbərləri (fizika, texnika və riyaziyyat elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü və həmin jurnalın riyaziyyat və mexanika seriyasının baş redaktorunun müavinidir.

Akademik Asəf Hacı oğlu Hacıyev 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsini, 1978-ci ildə aspiranturasını və 1990-cı ildə doktoranturasını bitirmişdir.

1979-cu ildə MDU-də namizədlik, 1992-ci ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş, 1996-cı ildən BDU-nun professorudur.

1996-cı ildən AMEA-nın Kibernetika institutunda laboratoriya müdiridir. 2001-ci ildən BDU-nun Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri vəzifəsində çalışır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Prof. A.H.Hacıyevin geniş beynəlxalq elmi əlaqələri var. O, 1986-cı ildən ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə Ümumdünya Bernulli Cəmiyyətinin, 2001-ci ildən Beynəlxalq Statistika İnstitutunun, 2004-cü ildən Nobel mükafatı laureatı Abdus Salamın yaratdığı Üçüncü Dünya Elmlər Akademiyasının (TWAS) həqiqi üzvüdür. 2005-2011-ci illər müddətinə Abdus Salam adına Nəzəri Fizika Beynəlxalq Elmi Mərkəzin (İCTP, İtaliya) Senior Associated vəzifəsinə, 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının üzvü seçilmiş və 2011-ci ildə Çində Çenqdu Universitetinin Fəxri professoru adına layiq görülmüşdür.

O, Azərbaycanda Riyaziyyat üzrə Koordinasiya şurasının və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Müdafiə şurasının sədri olmuşdur.

Akademimk A.H.Hacıyev həm də tanınmış ictimai-siyasi xadimdir. O, 4 dəfə Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı, Milli Məclisin Elm və təhsil komissiyasının üzvü olmuşdur. 2006-2008 və 2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Vitse-Prezidenti vəzifəsində çalışmış və 2015-ci ildə bu təşkilatın Parlament Məclisinin baş katibi vəzifəsinə seçilmişdir. Hazırda o, bu vəzifəni icra etməkdədir.

Akademik Yusif Əbülfət oğlu Məmmədov 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla bu fakültənin Riyazi fizika tənlikləri kafedrasında assistent vəzifəsində saxlanılmışdır. O, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin ixtisaslaşmış Elmi Şurasında namizədlik, 1990-cı ildə isə Gürcüstan EA-nın Riyaziyyat İnstitutunda (Tbilisi şəhəri) doktorluq dissertasiyasını müdafiə etmişdir. Y.Ə. Məmmədov 1992-ci ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü və 2017-ci ildə  həqiqi üzvü seçilmişdir.

Y.Ə.Məmmədov 1971-1991-ci illərdə Riyazi fizika tənlikləri kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində, 1992-ci ildə professor vəzifəsində çalışmışdır. O, 1992-1993-cü illərdə İstanbul Texniki Universitetinin Riyaziyyat bölümündə professor vəzifəsində işləmişdir. Prof. Y.Ə.Məmmədov 1993-cü ildən Riyazi fizika tənlikləri kafedrasının müdiridir. O, 2000-2004-cü illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə BDU-nun I prorektoru – Elmi işlər üzrə prorektor, 2006-cı ildən 2016-cı ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur.

Prof. Y.Ə. Məmmədov Diferensial tənliklər (Adi diferensial tənliklərin spektral nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər) sahəsində tanınmış mütəxəssisdir. O, 140-a yaxın elmi məqalənin, 1 monoqrafiya, 4 dərslik və dərs vəsaitinin, publisistika və təhsilə həsr olunmuş 3 kitabın müəllifidir. Onun rəhbərliyi ilə 13 namizədlik və 2 doktorluq dissertasiya işi müdafiə olunmuşdur.

Prof. Y.Ə. Məmmədov 2000-ci ildən Əməkdar elm xadimidir. O, 2010-cu ildə «Şöhrət» Ordeni ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü, prof. Y.Ə.Məmmədov Yeni Azərbaycan partiyasının üzvüdür. O, müxtəlif vaxtlarda bu və ya digər ixtisaslaşmış müdafiə şuralarının üzvü və ya sədri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika ixtisasları üzrə Ekspert Şurasının sədri, Respublikada nəşr olunan bir sıra riyaziyyat və təhsilə aid elmi jurnalların redaksiya heyətinin üzvü və ya sədri, UNESKO-nun Elmi biliklərin və texnologiyaların etikası Azərbaycan Komissiyasının üzvü, Təhsil Nazirliyi Kollegiyasının üzvü və Təhsil Nazirliyinin Pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədri olmuşdur.

 

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət