26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

26 İyun 17:24

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Qəhrəmanlıq və şanlı hərb tarixi ənənələrinə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətlərə malik olması və strateji coğrafi mövqeyinə görə Azərbaycan ərazisi tarix boyu yadelli işğalçıların hərbi təcavüzünə məruz qalmışdır. Yadelli işğala qarşı mübarizədə Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda qəhrəmanlıq və zəngin hərb tarixi formalaşmışdır. Sərkərdə və  hərbçilərimiz hərbi taktika və strategiyalardan istifadə edərək  şərəfli zəfər salnamələri yazmışlar. Bu baxımdan müasir Azərbaycan ordusunun formalaşması ağır, mürəkkəb, keşməkeşli və şərəfli yol keçmişdir.
103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə ölkəmizdə ilk Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla Azərbaycan Silahlı Qüvvələrinin təməli qoyulmuşdur. Həmin ilin avqust ayının 1-də Hərbi Nazirlik təsis olunmuşdur. Beləliklə də uzun müddət hərb sənətindən, ordu quruculuğundan məqsədli şəkildə uzaq salınmış xalqımız tarixi ənənələri bərpa etmiş, sıralarında millətimizin ən cəsur oğullarının cəmləşdiyi milli ordumuz yaradılmışdır.  
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğuna yenidən başlanılmışdır. Ölkəmizdə bütün sahələrin inkişafı kimi peşəkar ordu quruculuğu da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ardıcıl səyləri, dərin bilik və bacarığı, sərkərdəlik məharəti nəticəsində peşəkar ordunun formalaşdırılması prosesinə başlanılmışdır. Heydər Əliyev tarixi ənənələrə hörmət, varislik prinsiplərinə sədaqətlə yanaşaraq silahlı qüvvələr gününün tarixinin qeyd edilməsinə də yenidən baxmış və ədaləti pərpa etmişdir. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə məhz Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni 26 iyun kimi təsdiq edilmiş, tarixi varislik prinsipi qorunmuşdur. 1998-ci ildən etibarən hər il 26 iyun Azərbaycanda Silahlı qüvvələr Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd olunur.  
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğu daim prioritet məsələ kimi diqqətdə saxlanılmış, ölkəyə cəlb edilən investisiyalardan əldə edilən gəlirlər ordunun maddi-texniki təminatına, eyni zamanda hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Ordunun kadr potensialının müasir səviyyədə təmin edilməsi məqsədilə hərbi lisey və ali hərbi məktəblərin maddi-texniki bazası gücləndirilmiş, strukturu və idarə edilməsi təkmilləşdirilmişdir.
2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkə başçısının düşünülmüş siyasəti, məharətli idarəçilik səriştəsi sahəsində Azərbaycan silahlı qüvvələri yüksək maddi-texniki təchiz olunmuş, ən müasir silahlarla silahlanmış, peşəkar ordu kimi formalaşmışdır.  
Bütün bunların nəticəsi kimi, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvəlləri düşmənin növbəti təxribatlarına Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlamış və 30 il davam edən işğala ildırım sürətli döyüşlərlə - 44 gün ərzində son qoymuşdur. Rəşadətli ordumuz tarixi ədaləti bərpa etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, müqəddəs üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi ucalmışdır.
Məğrur xalqımız və qüdrətli dövlətimiz 26 iyun – Silahlı Qüvvələr Gününü 2021-ci ildə ötən illərdən fərqli şəkildə,  qələbə ovqatı, zəfər ruhu ilə qeyd edir. İlk dəfədir ki, 26 iyun qalib, məğrur, müzəffər, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş, 30 illik Qarabağ müharibəsinə birdəfəlik son qoymuş Azərbaycan ordusunun bayramı kimi keçirilir.  
Xalqımız əmindir ki, bundan sonra Azərbaycanı yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük tarixi qələbələr, intibahlar gözləyir.  
Qürur hissi keçiririk ki, müzəffər Milli Ordumuzun sıralarında Bakı Dövlət Universitetinin tələbəsi və məzunu olan əsgər və zabitlərimiz də Vətən müharibəsində qəhrəmalıq nümayiş etdirimiş, ərazi bütövlüyümüzün bərpa olunmasında fədakarlıqla döyüşmüşlər.
Qalib Milli Ordumuzun bütün əsgər və zabitlərini, eləcə də bütün xalqımızı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik.  
Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Əlaqə
33, Academician Zahid Khalilov st., AZ 1148, Baku, Azerbaijan
Tel.: (+99412) 538 25 18 trk@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət